Haqqımızda

Ana Səhifə  /  Haqqımızda

Heyvandarlıq



Azərbaycanda heyvandarlığın tarixi çox qədimdir. Bu sahədə qazanılmış zəngin təcrübə, uzun illər yaranmış və möhkəmlənmiş ənənə, kəndlilərin heyvandarlığa bağlılığı meyli hazırda bu sahənin sabit templə inkişafını təmin edir.

Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycanın müstəqillik əldə etdiyi ilk dövrdə (1991-1993) kənd təsərrüfatının bir çox sahəsi kimi, heyvandarlıq sahəsi də tənəzzülə uğramağa başladı. Mal-qaranın baş sayı və ölkədə heyvandarlıq məhsullarının istehsalı kəskin surətdə azaldı.

    Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi və onun təşəbbüsü ilə kənd təsərrüfatında, o cümlədən heyvandarlıqda islahatların başlanılması yaranmış böhran vəziyyətin qarşısını aldı və görülmüş işlər nəticəsində 1996-cı ildən başlayaraq heyvandarlıq bütün istiqamətlərdə inkişaf etməyə başladı.

Son illərdə aqrar sektorun bütün sahələrində olduğu kimi heyvandarlıq sahəsində də nəzərə çarpacaq dərəcədə inkişafa nail olunmuşdur. Respublikanın təsərrüfatlarında aran, dağətəyi və dağlıq zonalarına bölünən coğrafi iqlim şəraiti nəzərə alınaraq müxtəlif şəraitə daha tez uyğunlaşan, bir sıra xəstəliklərə dözümlü, yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik olan heyvan növlərinin ayrı-ayrı cinsləri yetişdirilir. Ölkəmizdə heyvandarlıq məhsullarının istehsalında mühüm əhəmiyyət kəsb edən sahələr maldarlıq, qoyunçuluq, quşçuluq və arıçılıqdan ibarətdir.

Maldarlıq-Respublikanın əhalisinin ət və süd məhsullarına olan tələbatının ödənilməsində xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin inkişaf etdirilməsi üçün hazırda bir çox işlər həyata keçirilir. Mövcud mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə xaricdən müxtəlif cinslərə aid yüksək məhsuldar heyvanlar gətirilərək lizinq yolu ilə fermerlərə verilir. Bu cinslərə südlük cins olan Holştein-friz, Şvis, Simmental, ətlik cins olan Aberdin-anqus, Hallovey, Şarole və Limuzin kimi cinsləri misal göstərmək olar. Eyni zamanda ailə-kəndli və fermer təsərrüfatlarında çoxlu miqdarda mələz və məhsuldarlıq istiqaməti bilinməyən heyvanlar da saxlanılır ki, dövri olaraq bu heyvanların təmiz qanlı damazlıq heyvanlarla və ya məqsədli formada yetişdirilmiş mələzlərlə əvəz etmək zəruridir.

Qoyunçuluq-Ölkəmizdə qoyunçuluq heyvandarlığın xüsusi ənənələrə malik sahələrindən biridir. Təbii ehtiyatlardan maksimum istifadə etmıək imkanı yaradan bu heyvandarlıq sahəsi maldarlıqla yanaşı ət istehsalında özünəməxsus yer tutur. Respublikamızda Qaradolaq, Balbas, Qarabağ, Qala, Azərbaycan dağ merinosu, Bozax, Herik, Gödək, Caro, Şirvan, Ləzgi, Mazex, Zaanen, Alpin, Dağıstan və Orenburq qoyun və keçi cinsləri uğurla inkişaf etdirilir.

Quşçuluq-Son illərdə ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsi olaraq sənaye üsulu ilə quşçuluğun inkişafında mühüm nailiyyətlər əldə edilmişdir. Hazırda respublikada quş əti və yumurta ilə tam təminat yaranmış ixrac potensialı formalaşmışdır.
         Arıçılıq-Son illər arıçılıq sahəsi prioritetli sahəyə çevrilmişdir. Yerli bal arısı genofondunu Boz dağ Qafqaz arı cinsinin Qabaqtəpə və Qonaqkənd populyasiyaları, Sarı Qafqaz arı cinsinin isə Azərbaycan, Talış və Naxçıvan populyasiyaları təşkil edir. Arıçılıqda təmiz qanlı damazlıq xətt üzrə yetişdirmə və aborigen cinslərin inkişaf etdirilməsi sahəsində tədbirlər həyata keçirilir.

         Atçılıq-Respublikada milli at cinslərinə aid olan Qarabağ, Dilbaz, Şirvan, Kiçik Qafqaz, Quba löhrəmi kimi at cinslərinə aid və Təmiz Qanlı İngilis Minik Atı at cinsindən olan atlar mövcuddur. 

Heyvandarlığın davamlı inkişafının təmin edilməsi və onun müasirləşdirilməsi üçün bir çox tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Belə ki, artıq ətlik-südlük istiqamətli modern ailə-kəndli təsərrüfatı nümunələrinin yaradılaraq nümayiş etdirilməsi həyata keçirilməkdədir. Modern təsərrüfat dedikdə mümkün qədər az maliyyə sərfiyyatına malik tövlə kompleksi (mexanikləşmiş sağım, südün soyudulması üçün avadanlıq, kompüterləşmiş qeydiyyat sistemi və s.), yem bitkilərinin (yonca, qarğıdalı, sorqo, arpa, buğda və s.) əkin sahəsi və yüksək aqrotexniki qaydada bitkilərin becərilərək yemlərin hazırlanması nəzərdə tutulur. Heyvanların süni mayalama tədbirlərinin idarə edilməsinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində də işlər davam etdirilir. Bu məqsədlə Zona Baytarlıq laboratoriyaları heyvan toxumları və maye azot ilə təchiz edilir. Toxumun respublikada 13 məntəqədən paylanması təşkil edilmişdir ki, bu da mütəxəssislərin vaxt itkisinin qarşısının alınmasına və xərclərinin azalmasına şərait yaratmışdır. 
         Ölkədə yem bitkilərinin əkin sahələrini genişləndirməklə möhkəm yem bazasının yaradılması heyvandarlığın inkişaf etdirilməsində vacib məsələlərdən biridir. Xüsusilə, yem istehsalını artırmaq məqsədilə təbii yem bazası olan çəmən və otlaqların yaxşılaşdırılması üçün real tədbirlər həyata keçirilməklə, mal-qaranın tam qiymətli balanslaşdırılmış yemlərlə yemləndirilməsinə nail olmaq mümkündür.

Top